Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib. Bu barədə 9 fevral tarixində Report Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygora istinadən məlumat verib.
Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərər çəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə göndərilib. Bu gün daha 10-15 TIR yola salınması nəzərdə tutulur".
C.Aygor vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.