Bakıda Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım toplanması kampaniyası ilk gün olduğu kimi, sürətlə davam edir. Bu barədə 10 fevral tarixində Report məlumat verib.
Məlumata əsasən, universitet tələbələri, eyni zamanda orta məktəb şagirdlərindən ibarət könüllülər geyimləri çeşidləyərək hüquq mühafizə orqanlarının əməkdaşlarına təqdim edirlər. Həmin o yüklər xüsusi təlim keçmiş itlər vasitəsilə yoxlanılaraq, daşınması üçün nəzərdə tutulan TIR-lara yüklənilir.
Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy bildirib ki, zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib.
Onun sözlərinə görə, bu gün 20-25 TIR-ın yola salınması nəzərdə tutulur.
O.Aksoy geyinilmiş (ikinci əl) geyimlərin qəbul edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. İkinci əl geyimlərin nisbətən yaxşı vəziyyətdə olanları kimyəvi təmizləmədən sonra paketlənib, göndərilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə zəlzələ baş verib. Nəticədə 18 991 nəfər həlak olub.