İrandan gələn 3 nəfər sərhədi pozmağa cəhd edib. Bu barədə 16 yanvar tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.
Belə ki, Yanvar ayının 15-də saat 21:15-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İİR vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycana narkotik vasitə keçirmək məqsədilə gəldiyi müəyyən edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.