Gürcüstandan Avropaya narkotik göndərməyə çalışan dəstə üzvləri həbs olunublar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 11 fevral tarixində məlumat verir.
Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik keçirərək buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Polisin keçirdiyi tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov, onun başçılıq etdiyi dəstənin üzvləri Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub. Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan, "Əsgər" adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər.
Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmaq, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkələrinə göndərməyi planlaşdırıblar. Həmin narkobaronun ölkədəki əsas dayaqları - Bəhruz Beybudov, Əlifağa Hadıyev və Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik: