“Ferrero” şirkətinin yaydığı məlumata dair açıqlama verilib. Bu barədə 6 aprel tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Belə ki, İtaliyanın “Ferrero” şirkəti son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan Kinder Mini Eggs, Kinder Egg Hunt Kit, Kinder Schokobons və Kinder Surprise məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq həmin məhsul partiyaları geri çağırıb.
Məlumatda bildirilib ki, şirkətin rəsmi açıqlamasında həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq bu qənaətə gəlindiyi vurğulanır.
Həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılmışdır.
Qeyd olunub ki, ölkəmizə müxtəlif ölkələrdən gətirilən “Ferrero” şirkətinə məxsus qeyd edilən məhsullarda salmonella törədicisi aşkarlanmamışdır. Eyni zamanda, 2022-ci ildə Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmamışdır.