Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrin hamısının meyiti tapılıb. Bu barədə 14 fevral tarixində Report Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Ahmet Çakıra istinadən məlumat verib.
Meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduqları müəyyən edilib.
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanları arasında Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların yaşadığı bina zəlzələnin təsirindən ağır dərəcədə dağıntıya məruz qalıb.