Naxçıvanda daha bir qurumda dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Bu barədə 16 yanvar tarixində "Qafqazinfo" Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən məlumat verib.
Məlumata əsasən, Naxçıvan Dəmir Yolları MMC-nin vəzifəli şəxsi tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə “qulluq mövqeyindən istifadə etməklə mənimsəmə”, “xeyli miqdarda ziyan vurmaqla mənimsəmə” maddələri ilə ittiham elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.