Azad olunmuş ərazilərə mart ayına olan avtobus biletləri satışa çıxarılır. Bu barədə İnsanoid Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən bu gün, 24 fevral tarixində xəbər verir.
İşğaldan azad olunmuş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinin mart ayına olan biletləri fevralın 25-i saat 15:00-da satışa çıxarılacaq.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri https://yolumuzqarabaga.az/ portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətlərini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Bilet alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.
Bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib.