Bakıdakı “Sonalar Sonası” şadlıq sarayında liftin təhlükəsizlik tələblərinə cavab vermədiyi aşkarlanıb, fəaliyyəti dayandırılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 15 aprel tarixində xəbər verir.
Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal, 76 ünvanında yerləşən “Aysel” firmasına məxsus “Sonalar Sonası” şadlıq sarayının liftində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Aysel” firması qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən firmanın rəhbərliyinə izah olunub.