Özünü bank işçisi kimi təqdim edib, dələduzluq edən şəxs tutulub. Bu haqda bu gün, 23 noyabr tarixində DİN xəbər verir.
Sosial şəbəkədə banklardan birinin adına saxta səhifə açaraq vətəndaşlara qarşı dələduzluq edən şəxslə bağlı polisə müraciət daxil olub. Zərərçəkən bildirib ki, kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin bilmədən saxta səhifəsinə yazması və kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pul çıxarılıb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat və texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.