Sumqayıtda vətəndaşların bank kartlarından oğurluq edən qadın saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 1 mart tarixində məlumat verir.
Kart sahibi bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Sumqayıt polisinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirməkdə şübhəli bilinən keçmiş məhkum Aysel Əliyeva tutulub.
O, ifadəsində etdiyi cinayəti etiraf edib və Sumqayıt şəhərində bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən daha bir nəfərin kartından 120 manat oğurladığını bildirib. A.Əliyeva, əsasən, ahıl yaşda olan şəxslərin təqaüd kartlarından oğurluq edib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.