“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”. Bunu onun anası Təranə Tağıyeva bildirib.
Bu barədə 28 yanvar tarixində Oxu.az məlumat verib.
“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-a açıqlamasında Vasif Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:
“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, yanvarın 27-si səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.