"Bu günə kimi həyatımda o qədər meyit görməmişdim, dəhşətli mənzərə idi". Bunu Kahramanmaraşın Elbistan bölgəsindən Azərbaycana təxliyə olunan Ülviyyə Hacıyeva deyib.
Bu barədə 10 fevral tarixində Report məlumat verib.
O, ilk yeraltı təkanların fevralın 6-da gecə saat 04:00-da hiss edildiyini, lakin həmin vaxt heç bir təhlükə olmadığını, daha sonra isə dəhşətli zəlzələnin baş verdiyini söyləyib: "İlk təkanlarda şükür etdik ki, xilas olduq və kimsəyə bir şey olmadı. Dərhal həyətə düşdük, lakin hava soyuq və qarlı olduğundan səhərə yaxın iki azyaşlı uşağımla birlikdə evə çıxdıq. Yenidən zəlzələ olma ehtimalı olduğundan rəsmilər bizə çantalarımızı hazır saxlamağımızı tapşırdılar".
“Sağ çıxacağımızı düşünmürdüm. Xilas olsaq da, buna sevinə bilmirik. Çünki çox sayda xilas edilə bilməyənlər var. Bizim binadan ölənlər olmadı, amma bazar yerlə yeksan oldu", - Ülviyyə Hacıyeva bildirib.