Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi üç-dörd ildən sonra taksi fəaliyyəti ilə məşğul olmağa başlayırlar. Bu barədə Oxu.az 12 aprel tarixində xəbər verib.
Bunu “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda “M.Teatr”ın rəhbəri, Xalq artisti Vidadi Həsənov bildirib.
Onun sözlərinə görə, həmin şəxslərin özlərini realizə etmələrinə imkan yaradılmır:
“Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişilməlidir. Bunun üçün də özəl teatrlara üstünlük verilməlidir. Bakıda 17 müstəqil teatr var. Onlardan cəmi ikisinin binası var. Qalanları orada-burada tamaşalar hazırlayıb, göstərirlər”.
O, eyni zamanda əlavə edib ki, özəl teatrlar regionlara səfər zamanı “divarlarla” qarşılaşırlar:
“Mədəniyyət Nazirliyindən xahiş edirik, bizə bir kağız versinlər ki, biz o “divarları” aşa bilək”.