Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir. Bu barədə 16 yanvar tarixində Report məlumat verib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Xatırladaq ki, ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 33 avtomobil maneəsiz hərəkət edib.
Qeyd edək ki, aksiya dekabrın 12-dən başlayıb.