Hazırda FHN əməkdaşları zəlzələ zamanı şəhərin Hayrullah məhəlləsi, Azərbaycan bulvarı küçəsindəki "Gökan apartmanı" adlı 8 mərtəbəli binanın dağıntıları altında qalmış şəxslərin sağ çıxarılması və nəticələrin aradan qaldırılması istiqamətində səylər göstərirlər.
Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Əraziyə dağıntılar altında qalmış şəxslərin yaxınları da gəlib. Onlar yaxınlarının hansı evdə, hansı otaqda qaldıqlarını göstərirlər.
FHN əməkdaşları "Gökan apartmanı"nda dağıntılar altında qalmış şəxsin meyitini aşkarlayıblar.
İlkin məlumata görə, Azərbaycanın xilasediciləri Kahramanmaraşda dağıntılar altında qalmış ümumilikdə 6 şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.