Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə gedən Azərbaycanın 760 axtarış-xilasetmə heyətindən 224 nəfəri Bakıya yola salınıb. Bu barədə İnsanoid “Anadolu” xəbər agentliyinə istinadən bu gün, 8 mart tarixində məlumat verir.
Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov “Anadolu”ya açıqlamasında deyib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər: “Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq".