Balakəndə kafelərin birində başlayan mübahisə qanla bitib. Hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Demokrat.az xəbər verir ki, Rayon sakini olan Paşa içkinin təsiri altında kafedə səs-küy salaraq ətrafdakıları narahat etməyə başlayıb. Bu zaman kafedəki digər şəxs, Səlim ona yaxınlaşaraq davranışına görə iradını bildirib. Səlimin xəbərdarlığı vəziyyəti daha da gərginləşdirib. Paşa nalayiq ifadələr işlədərək mübahisəni böyüdüb.
Münaqişə zamanı o, masanın üzərindəki pivə bakalını götürərək gözlənilmədən Səlimin baş nahiyəsinə zərbə endirib. Zərbə nəticəsində ağır xəsarət alan Səlimə dərhal tibbi yardım göstərilib.
Paşanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Paşa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səlimi 10-15 ildir tanıyır, kəndlisidir, bir yerdə böyüyüblər, qardaş kimidirlər:
"Balakən şəhəri H.Əliyev prospektində bayraq meydanının yaxınlığında yerləşən adsız kafeyə gedərək pərdə ilə kəsilmiş kabinetdə tək əyləşdim, pivə içməyə başladım. Saat təxminən 00:30-da Səlim yanında Flora adlı xanımla oraya gəldiyini gördüm. Həmin şəxslər kafenin orta hissəsində yerləşən masada oturaraq özlərinə pivə sifariş verdilər. Mən Səlimi görən kimi öz əyləşdiyim kabinetə çağırdım və o, da yanıma gəldi. Biz söhbət etməyə başladıq. Mən Səlim ilə söhbət edən zaman Flora bir neçə dəfə səsləyərək onu öz yanına çağırdı. Amma Səlim isə getmədi. Nəticədə Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı və Səlimi çağırdı. Mən Floranın bu hərəkətindən əsəbiləşərək qarşımda olan pivə bakalının içərisində olan pivəni onun sifətinə atdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səlim ilə arasında anlaşılmazlıq olub: "Mən də spirtli içkinin təsiri altında olduğumdan özümdən çıxdım və əsəbi halda Səlimin başına bir dəfə vuraraq ona xəsarət yetirdim. Bu zaman əlimdə olan pivə bakalı qırıldı. Lakin söyüş söyməmişəm. Kafedə bizdən başqa şəxslər olub. Lakin onları tanımıram".
Balakən Rayon Məhkəməsinin hökmü ilə Paşa 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.