Bir əsrdən artıq ömür yaşamış Mustafayeva Rəstə Şəfəqat qızı həyatın ən ağır sınaqlarından keçib, nəhayət, məcburi köçkün həyatıyla vidalaşaraq Xocavənd şəhərinə qayıdıb.
1925-ci il iyulun 1-də dünyaya gələn Rəstə nənə həm İkinci Dünya müharibəsinin, həm Birinci Qarabağ müharibəsinin, həm də zəfərlə başa çatan Vətən müharibəsinin canlı şahidlərindəndir.
Teleqraf.az-ın müxbiri ilə həmsöhbət olan Rəstə nənə ömür yolundan danışıb.
10 övlad, 60 nəvə sahibi olan ağbirçək 34 ildən sonra doğma yurduna qayıdıb. Deyir ki, bir vaxtlar doğma torpaqlara qayıdacağına ümidini itiribmiş: "Heç vaxt düşünməzdim ki, bu yaşda gəlib bu torpaqları görəcəm".
Çoban ailəsində doğulan Rəstə nənə gənclik illərində özü də qoyun otarıb. Ailə qurması isə olduqca maraqlı bir hadisə ilə başlayıb. Bir gün çobanlıq etdiyi ərazidən evə çağırılıb. Həyətdə qurulan məclisin səbəbini soruşanda ona deyiblər ki, bu gün sənin toyundur.
Maraqlısı isə odur ki, Rəstə nənə ailə qurduğu insanı gizlində sevirmiş: "10 uşaq dünyaya gətirdim. Sevməsəydim, hər gün dava-dalaş olardı. Kasıb oldun, dövlətli oldun — fərqi yoxdur. Əsas odur, evdə sevgi olsun. Gülə-gülə arpa çörəyi yeyirsənsə, o süfrədə ruzi olacaq. Biz firavan ailə qurduq".
Rəstə nənənin həyatının ən ağır günlərini 1992-ci ildə yaşayıb. O, digər həmyerliləri kimi doğma yurdlarından zorla çıxarılıb: "Bizi döyə-döyə aparıb ruslara təhvil verdilər. Onlar da bizi ərazidən çıxartdılar".
Ailə daha sonra İmişli rayonunda məskunlaşıb və uzun illər çətin şəraitdə yaşayıb: "Qanqal yeyirdik, qatıq yeyirdik, duzsuz pendir yeyirdik. Belə günlər keçirmişik. Çörək yox idi, qıt idi..."
Köçkünlük illərində Rəstə nənə ömür-gün yoldaşını da itirib.
Yaşadığı bütün çətinliklərə baxmayaraq, həyat eşqini qoruyub saxlayan Rəstə nənə bu gün də gənc ailələrə öz tövsiyələrini verir: "Qızımı köçürəndə dedim ki, özgə evə gedirsən. Əgər oradan mənə şikayət gətirəcəksənsə, getmə. Şükür Allaha, öyüdümə əməl elədi. Özümün də 3 gəlinim var — biri də mənə pislik etməyib. Xoşbəxt olmaq lazımdır".
Bu gün isə Rəstə nənənin ürəyində yarımçıq arzu qalmayıb. Qarabağa və Şərqi Zəngəzura qayıdan minlərlə keçmiş məcburi köçkün kimi o da doğma torpağında yaşamağın sevincini yaşayır.
Səhhətindən şikayəti olmayan 101 yaşlı ağbirçək inanır ki, doğma yurdunda ömrü daha da uzun olacaq.