Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Agentliyin Əsasnaməsi və strukturu təsdiq edilib.
Dövlət Ehtiyatları Agentliyinin Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib. Agentliyin tabeliyində "Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi" büdcə təşkilatı yaradılacaq.
Mərkəz dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir. Onun işçilərinin say həddi 200 ştat vahididir.
Nazirlər Kabineti iki ay müddətində Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını, Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini, Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini müəyyən edib dövlət başçısına məlumat verməli, Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir.
Maliyyə Nazirliyi Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalı, 8.2. Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini "2026-cı il dövlət büdcəsi haqqında" 9 dekabr 2025-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" ölkə Prezidentinin 29 dekabr 2025-ci il tarixli fərmanında nəzərdə tutulmuş vəsait hesabına təmin etməli, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 25 avqust 2025-ci il tarixli fərmanına uyğun olaraq, nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirməli, onların optimallaşdırılması üçün tədbirlər görməlidir.