Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə sanksiyalar tətbiq edənlərə cərimələr müəyyənləşir.
Bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik təklif edilir.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əmək haqqından qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törədilməsinə, mənfi cəhətdən xarakterizə etməyə və digər bu cür tədbirlər tətbiq edilməsinə görə - 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, layihəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna verdiyi məlumatla bağlı hədə-qorxu gəlməyə, təzyiqlərə məruz qoymağa, təhqir etməyə və ya maddi zərər vurulmasına görə - 800 manatdan 1300 manatadək cərimə ediləcəklər.