Gəncədə saxlanılan narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb. Bu barədə 27 iyun tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kq 755 qram “heroin” aşkar edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə üzərindən əlaqə yaratmaqla ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib.
Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.