“Mərmər soyuğu” bədii filmi Yunanıstanın Kimolos şəhərində “Qran-Pri”yə layiq görülüb. İnsanoid bu barədə 30 iyun tarixində Bizim.media-ya istinadən xəbər verir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin istehsalı olan tammetrajlı film 5-ci Beynəlxalq Kimolos Film Festivalının əsas mükafatını – “Qızıl ağac”ı (“Qran-Pri”) qazanıb.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.
Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
“Mərmər soyuğu” Tallin Qara Gecələr Film Festivalının “Ən yaxşı aktyor” (Qurban İsmayılov), 16-cı Avrasiya Beynəlxalq Film Festivalının “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatlarına layiq görülüb.