Ermənistan hökuməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin etməyi nəzərdə tutan TRIPP ("Tramp marşrutu") layihəsinin praktiki icrası mərhələsinə keçdiyini açıqlayıb.
Insanoid.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, bir gün əvvəl Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu layihənin həyata keçirilməsi ilə bağlı yerində araşdırmalar aparmaq üçün Sünik (Zəngəzur) vilayətinə səfər edib.
Səfərin nəticələri barədə məlumat verən Qriqoryan bildirib ki, hazırda üç istiqamət üzrə infrastrukturun layihələndirilməsinə başlanılır. Bunlar dəmir yolu, avtomobil yolu və elektrik enerjisinin ötürülməsi infrastrukturlarıdır.
Dəmir yoluna gəldikdə, Qriqoryan marşrutun artıq aydın olduğunu və bu məsələdə ciddi müzakirəyə ehtiyac görmədiyini bildirib.
Onun sözlərinə görə, səfər zamanı mövcud mühəndis qurğularının vəziyyəti ilə də tanış olmaq məqsədi güdülüb.
Avtomobil yolunun marşrutu ilə bağlı isə hələ həllini gözləyən məsələlər var. Qriqoryan bildirib ki, bəzi ərazilərdə yolun çəkilməsi olduqca mürəkkəbdir və optimal variant seçilməlidir.
Baş nazirin müavini vurğulayıb ki, yeni tranzit yolu regional səviyyədə rəqabətqabiliyyətli və iqtisadi baxımdan sərfəli olmalıdır. Bunun üçün yolun istismar üstünlüklərinə malik olması vacibdir.
Elektrik ötürücü xətlərinə gəldikdə isə Qriqoryan bu istiqamətdə vəziyyətin daha aydın olduğunu, lakin yekun layihələndirmə ilə bağlı müəyyən məsələlərin hələ dəqiqləşdirilməli olduğunu qeyd edib.
Qriqoryanın sözlərinə görə, Ermənistan TRIPP Development Company (TDC) şirkətinin yaradılmasını gözləmədən hər üç istiqamətdə layihə işlərini irəli aparmaq niyyətindədir.
O bildirib ki, vaxt itirməmək üçün hazırlıq prosesinə indidən başlanılması məqsədəuyğundur. Görülən işlərin nəticələri şirkət formalaşdıqdan və fəaliyyətə başladıqdan sonra ona təqdim ediləcək.
Baş nazirin müavini yaxın vaxtlarda infrastrukturların daha konkret eskizlərinin ictimai müzakirəyə təqdim olunacağını, bundan sonra isə ətraflı layihələndirmə mərhələsinə keçiləcəyini açıqlayıb.
Nikol Paşinyan isə bildirib ki, Ermənistan artıq TRIPP layihəsinin praktiki həyata keçirilməsi mərhələsinə daxil olur. O, layihənin ölkənin iqtisadi inkişaf dinamikasının qorunması baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, TRIPP layihəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar çərçivəsində gündəmə gəlib və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.