Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib.
İnsanoid.com xəbər verir ki, Paşinyanın sözlərinə görə, müqavilənin 2026-cı ilin sonuna qədər imzalanması az ehtimal olunur: 2031-ci ildə sülh müqaviləsinin imzalanacağını iddia etdiyim şərhləri və başlıqları görəndə təəccübləndim. 2031-ci ilin qeyd edilməsi 2026-cı ildə seçkilərin keçirildiyi və hökumətin mandatının 2031-ci ilə qədər olduğu məntiqindən irəli gəlirdi.
Əgər vaxtdan danışırıqsa, o zaman düşünürəm ki, 2027-2028-ci illərdə sülh müqaviləsi imzalamalıyıq. Yəqin ki, bu il bacarmayacağıq. Amma biz Azərbaycanla işləməyə davam etməliyik".
Ermənistanın Baş naziri, həmçinin ölkənin yeni Konstitusiyasının qəbulu ilə bağlı planlarından danışıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda yeni Konstitusiyanın layihəsi dərc ediləcək, ictimai müzakirələrə başlanılacaq və sənəd parlamentə təqdim olunacaq.
"Biz müxalifətdən olan həmkarlarımızı inandırmağa çalışacağıq ki, bu, mühüm və prinsipial məsələdir. Söhbət Ermənistan dövlətinin mövcudluğunun qorunması məsələsinin müəyyənləşdirilməsi və həllindən gedir", – deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, hakimiyyət müxalifətin dəstəyini qazana bilməsə, digər variantları, o cümlədən növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdən keçirəcək.
"Kim deyib ki, belə bir ssenari istisna olunur?", – deyə o vurğulayıb.
Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və ratifikasiya edilməsini özünün əsas siyasi öhdəliklərindən biri adlandırıb.
"Mən Ermənistan vətəndaşlarına Konstitusiyaya dəyişiklik etmək, sülh sazişini imzalamaq və ratifikasiya etmək barədə söz vermişəm. İnanıram ki, xalq bu vədin yerinə yetirilməsini istəyirsə, biz bunu xalqla birlikdə həyata keçirməliyik", – deyə Baş nazir bildirib.
O, bu vədlərin yerinə yetirilməməsinin özünün siyasi gələcəyinə də təsir göstərə biləcəyini istisna etməyib.
"Əgər Ermənistan xalqı bu vədin yerinə yetirildiyini görməsə, müəyyən mərhələdə mənim siyasi missiyamın başa çatdığı ortaya çıxa bilər. Buna görə də bu, mənim üçün prinsipial məsələdir", – deyə Paşinyan əlavə edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanıb. Bakı müqavilənin yekun imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı narahatlıq doğuran müddəaların aradan qaldırılmasını vacib hesab edir.