Gürcüstanda Keşikçidağ məbədi ətrafında Azərbaycanla bağlı saxta məlumatlar yaymaqda ittiham olunan jurnalist saxlanılıb.
İnsanoid.com Gürcüstan Baş Prokurorluğuna istinadən xəbər verir ki, "Asaval-Dasavali" qəzetinin jurnalisti Doment (Dito) Çubinidze dövlətə xəyanət, konkret olaraq sabotaj ittihamı ilə həbs edilib.
İstintaqın məlumatına görə, jurnalist 2026-cı ilin fevralından etibarən müxtəlif media orqanlarında və sosial şəbəkələrdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin guya Azərbaycanla gizli razılaşma imzalayaraq Keşikçidağ (gürcü mənbələrində David Qareci) monastır kompleksinin bir hissəsini ölkəmizə verdiyini iddia edib.
Gürcüstan Baş Prokurorluğu bu iddiaların heç bir hüquqi və faktiki əsası olmadığını açıqlayıb.
Qurum bildirib ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi yalnız müvafiq hökumət komissiyalarının danışıqları və beynəlxalq razılaşma əsasında mümkündür. Belə razılaşma Gürcüstan parlamenti tərəfindən də ratifikasiya edilməlidir.
Prokurorluq xüsusi olaraq vurğulayıb ki, Azərbaycanla Keşikçidağ kompleksinin yerləşdiyi sərhəd sahəsinin delimitasiyası barədə yekun razılaşma hələ əldə olunmayıb. Buna görə də Gürcüstanın baş nazirinin hər hansı ərazini təkbaşına Azərbaycana verməsi hüquqi baxımdan mümkün deyil.
İstintaq hesab edir ki, Çubinidze ictimaiyyətdə ərazilərin guya gizli şəkildə Azərbaycana verilməsi barədə yanlış təsəvvür yaratmağa çalışıb.
Jurnalist, həmçinin müsahibi Lazare Corbenadzenin ölümünü onun baş nazir haqqında guya ifşaedici məlumatlar yaymasına görə qisas məqsədilə öldürülməsi iddiası ilə əlaqələndirib. Prokurorluq bu məlumatların da əsassız olduğunu bildirib.
Gürcüstanın istintaq orqanları Çubinidzenin hərəkətlərinin dövlət qurumlarının, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyasının normal fəaliyyətinə mane olduğunu hesab edir.
Jurnalistə qarşı irəli sürülən ittiham üzrə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət ediləcək.
İstintaq davam edir.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan sərhədində yerləşən Keşikçidağ kompleksinin bir hissəsi Azərbaycan ərazisindədir. İki ölkə arasında həmin ərazidə sərhədin yekun delimitasiyası məsələsi hələ tam həllini tapmayıb.