İranın Qum şəhərində 29 yaşlı müğənni Pərəstu Əhmədi və onun ansamblının dörd üzvü barəsində çıxarılmış 74 şallaq zərbəsi cəzası icra edilib.
İnsanoid.com Xarici mediaya istinadən xəbər verir ki, sənətçilərin cəzalandırılmasına 2024-cü ilin dekabr ayında "YouTube" platformasında canlı yayımlanan onlayn konsert səbəb olub. Həmin çıxış zamanı Pərəstu Əhmədi İran qanunvericiliyinin tələblərini pozaraq səhnəyə hicabsız və qolsuz qara libasda çıxıb. Qeyd edək ki, ölkə qanunları qadınların ictimaiyyət qarşısında solo ifa etməsini və məcburi hicab qaydalarından kənar görünməsini qadağan edir.
Hadisə ilə bağlı başlayan məhkəmə prosesi nəticəsində 2026-cı ilin iyun ayında Qum Vilayət Cinayət Məhkəməsi müğənnini və komandasının səkkiz üzvünü "ədəbsiz və uyğunsuz məzmun yaymaqla ictimai əxlaqı pozmaqda" təqsirli bilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə 74 şallaq cəzası kəsilib, eyni zamanda onlara iki il müddətinə ölkədən çıxmaq və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etməyərək hökmdən apellyasiya şikayəti versələr də, 2026-cı ilin sentyabr ayının sonunda yuxarı instansiya məhkəməsi şikayəti rədd edərək qərarı qüvvədə saxlayıb.
Noyabr ayında isə cəzanın icrası həyata keçirilib.
Bu hadisə İranda qadın sənətçilərin məruz qaldığı məhdudiyyətlər və yaradıcılıq azadlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.