Ermənistanda dərc olunan yeni Konstitusiya layihəsi Azərbaycanla münasibətlər və sülh prosesi baxımından bir sıra mühüm məqamları gündəmə gətirir. Sənəddə diqqət çəkən əsas dəyişikliklərdən biri 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır.
Məsələ ondadır ki, Ermənistanın əvvəlki Konstitusiyasının preambulasında həmin Bəyannaməyə istinad yer alırdı. Bəyannamədə isə 1989-cu ildə Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında qəbul edilmiş qərara istinad mövcud idi. Azərbaycan uzun müddət bu müddəanı Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının hüquqi-siyasi əsaslarından biri kimi qiymətləndirib. Yeni layihədə həmin istinadın yer almaması bu baxımdan əhəmiyyətli dəyişiklik hesab edilə bilər.
Layihədə diqqət çəkən digər məqam xarici siyasətin prinsipləri ilə bağlıdır. Sənəddə sülhün xarici siyasətin prioriteti olduğu, bütün dövlətlərlə mehriban qonşuluq, qarşılıqlı faydalı münasibətlər və sülhün təmin edilməsinin xarici siyasətin əsasını təşkil etdiyi bildirilir. Bu yanaşma Ermənistanın Azərbaycanla münasibətlərinin gələcək istiqaməti baxımından da əhəmiyyət daşıyır.
Layihənin preambulasında diqqət çəkən digər yenilik "beynəlxalq səviyyədə tanınmış ərazi" ifadəsinin yer almasıdır. Yeni mətnə əsasən, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi daxilində müstəqil, sülhsevər, təhlükəsiz və firavan dövlət qurmağı qarşısına məqsəd qoyur. Bu yanaşma Ermənistanın dövlətçilik konsepsiyasını beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Azərbaycan üçün də bu müddəanın siyasi və hüquqi məzmunu diqqətəlayiqdir. Çünki söhbət Ermənistanın gələcək dövlət siyasətini hansı ərazi çərçivəsində quracağından gedir.
Digər maraqlı dəyişiklik dövlət gerbi ilə bağlıdır. Yeni layihədə gerbin təsvirinin birbaşa Konstitusiyada göstərilməməsi gələcəkdə onun dəyişdirilməsi üçün hüquqi imkan yarada bilər. Bu məsələ xüsusilə hazırkı gerbdə Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirinin mövcudluğu baxımından diqqət çəkir. Beləliklə, Konstitusiya layihəsi qəbul olunarsa, gələcəkdə dövlət gerbinin dəyişdirilməsi məsələsi də gündəmə gələ bilər. Bununla belə, bu, Ağrı dağı təsvirinin mütləq dəyişdiriləcəyi anlamına gəlmir.
Beləliklə, yeni Konstitusiya layihəsində Azərbaycan baxımından ən mühüm məqam Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması və xarici siyasətdə sülh, mehriban qonşuluq prinsiplərinin ön plana çəkilməsidir. Bunun real siyasi və hüquqi nəticələrini isə layihənin yekun variantı, referendumun nəticələri və Ermənistanın gələcək addımları müəyyən edəcək.