Dubay şeyxinin keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı BMT-yə videomüraciət edərək işgəncələrə məruz qaldığını və üç qızının zorla əlindən alındığını iddia edib.
Cavadlı bildirib ki, 2026-cı ilin iyununda silahlı və maskalı şəxslər gecə evinə basqın edərək onu döyüb, narkotik təsirli maddələr verib və 10 yaşlı Səna, 8 yaşlı Asiya, 7 yaşlı Səlamə adlı qızlarını aparıblar. O, həmin vaxtdan övladlarını görmədiyini deyib: "Qızlarımın son gördüyü mənzərə evimizin döşəməsində döyülmüş və narkotik maddələrin təsiri altında uzanan anaları idi. Mənim son eşitdiyim isə onların qışqırıqları oldu", – deyə Cavadlı bildirib.
Cavadlının britaniyalı vəkilləri BMT-dən hadisənin araşdırılmasını, qızların harada saxlanıldığının və təhlükəsizliyinin müəyyənləşdirilməsini istəyiblər. Müdafiə tərəfinin iddiasına görə, qadın altı gün vəkillə görüşə bilməyib, gözləri bağlı dindirilib və etiraf ifadəsi verməyə məcbur edilib.
Vəkil Devid Heyqin sözlərinə görə, Dubay hakimiyyəti Cavadlıdan ictimai açıqlamalarını dayandırmağı tələb edib, əvəzində qızları üzərində qəyyumluq hüququnu saxlamağı vəd edib. Onun yaşayış yerindən məhrum edildiyi və ölkədən çıxışına qadağa qoyulduğu da bildirilir. Sosial şəbəkələrdə yardım istəməsi ilə bağlı ona qarşı kibercinayət ittihamları irəli sürülüb.
Qeyd edək ki, Zeynəb Cavadlı Dubay şeyxi Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşıdır. O, 2022-ci ilin oktyabrında da qəyyumluq mübahisəsi ilə bağlı BMT-yə şikayət etmişdi. Məlumata görə, Cavadlı övladlarını qaçırmaq ittihamı ilə məhkəmə qarşısına çıxmalıdır.