Bu gün İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli Bəyanatın qəbul olunmasından 3 il ötür. Bəyanat Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmışdır.
Bəyanatda Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi, Ermənistanın 20 noyabr 2020-ci il tarixinədək Ağdam, 15-dək (25-dək) Kəlbəcər, dekabrın 1-dək Laçın rayonlarını Azərbaycan Respublikasına qaytarması əks olunmuşdu.
Üçtərəfli Bəyanatın yerinə yetirilməyən müddəası qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması idi. 19-20 sentyabr 2023-cü ildə isə Azərbaycan ordusunun lokal xarakterli antiterror əməliyyatı nəticəsində Ermənistanın silahlı qüvvələri Qarabağı tamamilə tərk etdi və beləliklə, üçtərəfli Bəyanatın bununla bağlı maddəsi yerinə yetirildi.
Bu günədək üçtərəfli Bəyanatın yeganə yerinə yetirilməyən maddəsi “Zəngəzur dəhlizi” ilə bağlıdır. Bəyanatın sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi və Ermənistan tərəfindən Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verilməsi nəzərdə tutulurdu.