Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisi günlərinə rəng qatan daha bir tədbir aprelin 29-da keçirilən Bakı Kartinq turniri olub. Bu barədə Report 29 aprel tarixində xəbər verib.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən yarışda 16 yaşadək yeniyetmələr mübarizə aparıblar.
Su İdmanı Sarayında yerləşən Bakı Kartinq Mərkəzində (BKM) təşkil edilən yarışda 12 yerli pilot iştirak edib.
10-16 yaş arasında olan pilotlar iki mərhələdə - təsnifat və final mərhələlərində mübarizəyə qoşulublar. İlk iki sıralama turununn hər birində 6 yeniyetmə sürücü mübarizəyə qoşulub. İlk 3 pilləni tutan sürücülər final mərhələsinə vəsiqə qazanıblar.
Final mərhələsində 14 yaşlı Raul Təhməzli bütün rəqiblərini geridə qoymağı bacarıb. 54,178 saniyəlik dövriyyə rekordu ilə hamıdan önə keçən Raul yekunda birinci pillənin sahibi olub. İkinci yeri Rüfət Əhmədov (55,120 saniyə), 3-cü pilləni isə 12 yaşlı Niyazi Qurbanov (55,434 saniyə) tutublar.
Qaliblər Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən kubok və sertifikatlarla mükafatlandırılıblar. Həmçinin yarışa qatılan digər 9 yeniyetmə sürücüyə də iştirakçı sertifikatları təqdim edilib.