Yeni salınan yaşayış kompleksləri ilə yanaşı, Ağdam şəhərində 5 hektar ərazidə mərkəzi park salınacaq. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
Bu barədə 27 dekabr tarixində APA məlumat verib.
Mərkəzi parkın ümumi ərazisi dörd zonaya - Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarına ayrılacaq: "Burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
Həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri, aktiv oyun zonaları fəaliyyət göstərəcək".