Ağdam rayonu ərazisində “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib. Bu barədə Report 7 iyul tarixində xəbər verib.
Məlumatı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Baş Prokurorluqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” adlı mətbuat konfransında verib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə əlaqədar tələb olunan xammal həmin ərazilərdə yerləşən faydalı qazıntı ehtiyatları hesabına təmin edilir: "2021-2022-ci illər ərzində yol infrastrukturunun qurulması, hava limanlarının tikintisi və sosial layihələrin icrası məqsədilə 11 qeyri-filiz faydalı qazıntı yatağı daxilində tələb olunan xammaldan istifadəyə razılıq verilib. Əlavə olaraq, bu il Ağdam rayonu ərazisində yerləşən “Şahbulaq” əhəng daşı yatağı istifadəyə verilib".