“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib. Bu barədə 13 aprel tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Qaydalara əsasən, operator kimi uçota alınmaq istəyən hüquqi və ya fiziki şəxslər vergi uçotuna alınmalı, mülkiyyət, istifadə və ya icarə hüququ ilə dövlət qeydiyyatına alınmış avtonəqliyyat vasitələrinə malik olmalı, işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı müəyyən edilmiş meyarlara cavab verməlidir.
Yeni qaydaların tətbiqi sürücülərin bilik və bacarıqlarının artırılmasına və daşımalar bazarında payının, eləcə də “Qərb-Şərq” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi çəkilərinin artmasına səbəb olacaq.
Sözügedən qaydaların tətbiq edilməsində məqsəd Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsidir. Keyfiyyət Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir və daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır.
“Daşıyıcı bələdçisi” xidməti çərçivəsində daşıyıcılarla görüşlər təşkil ediləcək, onlara lazımi izahlar və metodiki dəstək göstəriləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” haqqında qərarı dərc edildiyi gündən bir il sonra qüvvəyə minəcək.