Fermerlər qoz bağlarını baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, bitki xəstəlikləri və zərərvericilərdən, eləcə də ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər. Bu barədə 11 aprel tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Məlumata əsasən, aqrar sığorta qoz bağlarını dolu, donvurma (şaxtavurma), sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, doluvurmadan keyfiyyət itkisi, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri kimi risklərdən qoruyur.
Fermerlər ağacların özünü ayrı-ayrılıqda sığorta edə bilərlər.
Azərbaycanda ən çox qoz bağları Şəki-Zaqatala bölgəsindədir: Oğuz - 687 hektar, Şəki - 636 hektar və Zaqatala - 525 hektar. Ölkədə ümumilikdə 6212 hektar qoz bağı var.
Təkcə ötən il ölkədə 285 hektardan artıq yeni qoz bağı salınıb. Yeni salınan qoz bağları da daha çox intensiv üsulla salınır - 285 hektar yeni qoz bağının 202 hektarı intensiv üsulla salınanlardır.
Qoz bağlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,08%-4,20% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Şəki-Zaqatala bölgəsində sığorta tarifi 3,89% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür.