Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb. Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə “milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi təmin olunacaq.