Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində qeydə alınan insan itkisi ilə bağlı Pekinə başsağlığı verib. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Qurumun sosial şəbəkə hesabındakı paylaşımda deyilir:
"Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik".
Dekabrın 18-də Çində 6,2 maqnitudalıq zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.