“Hazırda Azərbaycanda 400-dən çox məktəbdə direktor vəzifəsi boşdur”. Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Bu barədə 5 iyul tarixində Report məlumat verib.
O bildirib ki, vakant yerlərin yaranması, əsasən, həmin məktəblərdə direktorların yaş həddinə çatması ilə bağlıdır: “Daha bir səbəb isə nazirlik tərəfindən mütəmadi şəkildə keçirilən monitorinqlər zamanı yol verdikləri nöqsanlara görə bəzi direktorların əmək müqavilələrinə xitam verilməsidir”.
Şöbə müdiri xatırladıb ki, 2021-ci ildə pandemiya səbəbindən məktəblərdə vakant direktor yerlərinin sayı çoxalmışdı: “Bu say təxminən 900-ə yaxınlaşırdı. Son illər keçirilən müsabiqələr zamanı bu yerlərin sayı kəskin aşağı düşmüşdü”.