Bakıda “Triterra Baku Triathlon Club” və “Cyber Athletics Azerbaijan”ın birgə təşkilatçılığı ilə “CYBERWinD Olympic Series” adlı ilk kibertriatlon yarışı keçirilib. Bu barədə 25 dekabr tarixində Report məlumat verib.
Turnirdə “Triterra”, “Metak”, “Tristar” və “World Class Azerbaijan” klublarından ümumilikdə 17 idmançı iştirak edib.
Reqlamentə əsasən, atletlər 40 kilometrə bərabər virtual məsafəni qət ediblər.
Finişə birinci Teymur Fərəcov (“Triterra”) çatıb. Elçin Əliyev (“Tristar”) ikinci, Zaur Arkania (“Triterra”) üçüncü olub.
Kibertriatlon üzrə yarış Azərbaycanda ilk dəfə təşkil olunub. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakteri daşıyacağı gözlənilir.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə keçirilib.