Bu gün baş vermiş zəlzələ nəticəsində Azərbaycandakı yol infrastrukturunda heç bir ziyan müşahidə edilməyib. Bu barədə Insanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 7 dekabr tarixində məlumat verir.
Agentliyin mütəxəssisləri yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıblar. Prosesin günün sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.
Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində baş vermiş və maqnitudası 5,6 olan zəlzələdən dərhal sonra AAYDA-nın müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Zəlzələ ilə əlaqədar agentliyin balansında olan bütün körpü və yolötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət daha da gücləndirilib.