Azərbaycanın dörd nöqtəsində 900 ədəd ağac və kol qanunsuz kəsilib. Bu barədə 6 aprel tarixində Report məlumat verib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Ağsu, Samux və Bakı şəhərinin Səbail rayonu, həmçinin Sumqayıt şəhəri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 900 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı “xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə” maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.