İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Bu barədə Report 7 fevral tarixində xəbər verib.
Səhər saat 8:00-da məntəqələr açılıb.
Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin 14, 15 və 16 saylı yeni məntəqələri yaradılıb.
14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında, digərləri isə başqa inzibati binalarda yerləşir.
Müşahidəçilər səsvermə prosesini izləyirlər.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.