Keçən tədris ilindən məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron formada həyata keçirilir. Dünəndən başlayaraq ölkə üzrə valideynlər elektron kabinet yaratmağa başlayıblar. Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova bildirib.
Bu barədə 26 iyul tarixində APA məlumat verib.
“Dünəndən yalnız kabinet yaratmağa başlanılıb. Kabinet yaradıldıqdan sonra avqustun 1-də regionlar, 8-də isə Bakı üzrə qəbul başlayacaq”, - o qeyd edib.
İlahə Rəsulova bildirib ki, bağça seçimi üçün valideynlər elektron kabinetdə üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər:
“Seçdikləri bağçalarda o yaş qrupu üzrə yer olanda minimum 5 gün ərzində valideynin nömrəsinə SMS gəlir. Bağçalara qəbulla bağlı elektron sistem 1-15 sentyabrda komplektləşdirməyə görə müvəqqəti olaraq bağlanacaq. Sentyabrın 15-dən sonra isə ilboyu açıq olacaq”.