Bakıda mağaza və köşklərdən oğurluq edilib. Bu barədə Report aprelin 13-də məlumat yayıb.
Binəqədidə köşklərin birindən 850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Samir Süleymanov və Ruslan Saburov saxlanılıblar.
Onların birlikdə Sabunçu rayonu ərazisində digər bir mağazadan 1 036 manat dəyərində tütün məmulatı, danışıq kartları, bir köşkdən isə 100 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması da məlum olub.
Həmçinin, Samir Süleymanovun 2019-cu ildə Sabunçu rayonu ərazisində 20 evdən, 1 müəssisədən, 1 çay evindən, 1 kafedən, 3 avtomobildən pul, qızıl-zinət və məişət əşyaları, təmir-tikinti alətləri, eləcə də “Bakı Telecom” MMC-yə məxsus dəyəri 3 000 manatdan artıq olan rabitə kabelini oğurlaması da müəyyən olunub.