Bakıda Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda baş verən partlayışda yaralanan daha bir nəfər vəfat edib. Bu haqda aprelin 10-da Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
2001-ci il təvəllüdlü Ayxan Fətullazadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, gecə klubunda ofisiant işləyirmiş. Bununla da ölənlərin sayı 4-ə çatıb.
Həmçinin bildirilib ki, xəsarət alan Seneqal vətəndaşının da vəziyyəti hal-hazırda ağırdır. Yaralı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır.
Qeyd edək ki, insident 3 aprel tarixində saat 03:00 radələrində baş verib. Hadisəyə səbəb obyektdə quraşdırılan qaz balonundakı sızma olub. Ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.