Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakıdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlayır.
Bu haqda 1 avqust tarixində Agentlik məlumat yayıb.
Təmir-bərpa işləri magistral yolun 52-119.5 km-də müəyyən hissələrdə aparılacaq.
İşlər hissə-hissə həyata keçiriləcək və işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Təmir-bərpa işləri aparılan müddət ərzində əks-istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Əks-istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.
Agentlik sürücüləri sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.