Bakıda bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin aparılması ilə əlaqədar olaraq, həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 26 may tarixində xəbər verir.
Mayın 27-29-da baş tutacaq təmir işləri bu küçələrdə aparılacaq:
- Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər),
- Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində,
- Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər),
- Bakı Dairəvi avtomobil yolu (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində).
Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin isə Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılması nəzərdə tutulur.