Bu gün səhər saatlarında Xəzər dənizinin Bakı şəhəri Səbail rayonu sahillərində tur gəmisi batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 22 dekabr tarixində xəbər verir.
Bakı şəhəri Səbail rayonunun Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti gəmisinin çevrilməsi və şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti gəmisinin alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.
FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.