Bakının Xətai rayonunun Elvin Şükürlü və Zeytunluq küçələrinin əsaslı təmiri davam edir. Bu barədə 26 oktyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
5 kilometr uzunluğa malik sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Zəruri yerlərdə yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.
Qeyd olunub ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.
Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.