Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən 3-cüsünün icrasına başlayıb.
Bu barədə İnsanoid agentliyə istinadən bu gün, 15 iyun tarixində xəbər verir.
Məlumata görə, bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.
Xocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır. Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 m qısalacaq. Svetoforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək.